Duxa Qoca oğlu Dəli Domrul
Məzmunun bölmələrə ayrılması şərtidir.
Dəli Domrulun təkəbbürü və Əzrayilə meydan oxuması
Oğuz türklərinin yaşadığı torpaqlarda, vaxtı göstərilməyən bir dövrdə Duxa Qoca oğlu Dəli Domrul quru çay üzərində körpü tikdirmişdi.
O, keçənlərdən otuz üç, keçməyənlərdən isə döyə-döyə qırx pul alırdı. Məqsədi özünə rəqib tapmaq, gücünü uzaq ellərdə tanıtmaq idi. Bir gün körpü yaxınlığında bir gənc öldü, oba yasa batdı. Domrul onun canını Allahın əmri ilə Əzrayilin aldığını eşitdi. Ölüm mələyi ilə döyüşüb gəncin canını qurtarmaq, başqalarının ölümünə də mane olmaq istədi.
Əzrayilin gəlişi və gögərçin şəklində qaçması
Allah Domrulun lovğalığından qəzəblənərək Əzrayilə onun canını almağı əmr etdi. Domrul qırx igidlə yeyib-içərkən ölüm mələyi gözətçilərə görünmədən içəri girdi. Onu görən Domrulun gözləri qaraldı, əlləri gücdən düşdü, əlindəki qədəh yerə düşdü. O, qarşısındakı ağ saqqallı qocanın kim olduğunu soruşdu. Əzrayil özünü tanıdıb onun canını almağa gəldiyini bildirdi. Domrul qapıları bağlatdı, qılıncını çəkib mələyə hücum etdi. Əzrayil göyərçinə çevrilərək pəncərədən uçdu. Domrul onu qorxutduğunu sanıb güldü, atına mindi və şahinini götürüb arxasınca getdi. Bir-iki göyərçin öldürəndən sonra evinə qayıtdı. Yolda Əzrayil onun atına göründü. Hürkən at Domrulu yerə çırpdı. Mələk onun sinəsinə qonub canını almağa başladı.
Dəli Domrulun Tanrıya təslim olması və can əvəzinə can axtarışı
Domrul Əzrayilə yalvarıb canını almamasını istədi. Dediklərini sərxoşluqdan söylədiyini, yaşamaqdan doymadığını bildirdi. Əzrayil isə yalnız əmr yerinə yetirdiyini deyib ona Allaha yalvarmağı məsləhət gördü. Domrul canı verənin də, alanın da Allah olduğunu öyrəndi və mələkdən aradan çəkilməsini istədi. O, Tanrının ucalığını və əbədiliyini dilə gətirib, canını alacaqdısa, bunu Əzrayilin deyil, özünün etməsini dilədi. Domrulun bu sözləri Allaha xoş gəldi. Onun birliyini qəbul etdiyinə görə, öz yerinə can verəcək birini tapsa, azad olunacağını buyurdu. Əzrayil bu əmri Domrula çatdırdı. Ölümdən qurtulmaq üçün başqa birinin öz canından keçməli olduğunu bilən Domrul ona kömək edəcək adam axtarmağa başladı.
Babanın oğluna can verməkdən imtina etməsi
Domrul əvvəlcə qoca atasının yanına gedib əlini öpdü.
Başına gələnləri danışıb öz yerinə can verməsini istədi. Atası bütün malını, atlarını, dəvələrini və pulunu verməyə razı idi, amma canından keçmədi. O, oğlunu anasına göndərdi:
Altun-gümüş, pul gərəksə, ana xərclıq olsun! Dünya şirin, can əziz, Canımı qıya bilmən, bəllü bilgil! Məndən əziz, məndən sevgülü anandır, oğul, anana var! - dedi.
Ananın da canını qıyması və Əzrayilin son xəbərdarlığı
Domrul atasından kömək görməyib anasının yanına getdi.
Anasına Əzrayilin canını almağa gəldiyini söyləyib yerinə ölməsini istədi. Anası onu dünyaya gətirib böyütdüyünü xatırlatdı. Əsir düşsəydi, pul verib qurtaracağını dedi, lakin öz canını vermədi. O, oğluna dünyanı şirin, öz canını əziz saydığını dedi. Əzrayil Domrulun canını almağa gəldi. Daha kimin can verəcəyini soruşdu. Domrul ailəsi ilə vidalaşmaq üçün möhlət istədi.
Arvadının özünü qurban verməyə razılaşması və Tanrının mərhəməti
Domrul iki oğlunun anası olan arvadının yanına gəlib başına gələnləri danışdı.
O, bütün varını arvadına qoydu, istədiyi adama ərə getməsini, uşaqlarını yetim qoymamasını tapşırdı. Arvadı onsuz nə mal, nə də başqa bir həyat istədiyini bildirdi. Onun yerinə canını verməyə razılaşdı. Əzrayil qadının canını almağa gələndə Domrul buna dözə bilmədi. Tanrıya yalvarıb yollar üzərində sığınacaqlar tikməyi vəd etdi:
Ac görsəm, doyurayım səninçün, Yalıncaq görsəm, donadayım səninçün! Alursan, ikimüzün canın bilə alğıl! Qorsan, ikimüzün canın bilə qoğıl! Kərəmi çoq Qadir Tanrı! - dedi.
Domrul ya hər ikisinin canının alınmasını, ya da birlikdə sağ saxlanmalarını dilədi. Allah onun duasını qəbul etdi. Əzrayilə Domrulun ata-anasının canını almağı əmr etdi, ər-arvada isə yüz qırx il ömür verdi. Əzrayil valideynlərin canını aldı. Domrul arvadı ilə yüz qırx il də yaşadı.
Dədə Qorqudun boyu bağlaması və xeyir-duası
Dədə Qorqud boy söylədi, ozanlara onu yaşatmağı tapşırdı. Dağların, ağacların, suların qorunması, günahların bağışlanması üçün dua etdi.